Rutte NATO ölkələrində silah istehsalının yetərsiz olduğunu bildirib

Rutte NATO ölkələrində silah istehsalının yetərsiz olduğunu bildirib

Nizami Salmanov · Media ·

NATO-nun Baş katibi Mark Rutte alyans ölkələrinin müdafiə xərclərini artırmasına baxmayaraq, əsas problemin silah və sursat istehsal gücünün tələb olunan səviyyəyə çatmaması olduğunu bildirib. Onun sözlərinə görə, məsələ silahların Avropadan və ya ABŞ-dan alınması deyil, lazım olan həcmdə məhsul istehsal etmək imkanının olub-olmamasıdır. Bu barədə NATO məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Rutte alyans ölkələrinin lazımi maliyyə resurslarına malik olduğunu, lakin müdafiə sənayesinin artan tələbatı qarşılamaq üçün kifayət qədər sürətlə genişlənmədiyini deyib. O, bu problemin təkcə Avropaya deyil, ABŞ-a da aid olduğunu vurğulayıb.

NATO rəhbəri daha əvvəl də müdafiə sənayesinin istehsal tempinin kəskin şəkildə artırılmasına çağırıb. Alyansın rəsmi məlumatına görə, Avropa ölkələri və Kanada müdafiə xərclərini sürətlə artırsa da, əlavə vəsaitin real hərbi imkanlara çevrilməsi üçün yeni zavodların, istehsal xətlərinin və təchizat zəncirlərinin genişləndirilməsi tələb olunur.

Rutte xüsusilə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli zərbə vasitələri, artilleriya sursatları, dronlar və əks-dron sistemləri üzrə istehsal imkanlarının artırılmasını vacib sayır. O bildirib ki, heç bir NATO ölkəsi təkbaşına mövcud tələbatı qarşılamaq üçün kifayət qədər sənaye potensialına malik deyil və buna görə transatlantik birgə istehsalın genişləndirilməsi zəruridir.