İsveç oktyabr ayından etibarən JAS 39 Gripen qırıcı təyyarələri ilə NATO-nun Polşadakı inteqrasiya olunmuş hava və raketdən müdafiə missiyasına qoşulacaq. Missiya çərçivəsində NATO-nun şərq cinahının, eləcə də Ukraynaya hərbi və mülki yardımların daşındığı əsas logistika mərkəzinin qorunması nəzərdə tutulur. Bu barədə İsveç hökuməti məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Gripen qırıcıları Polşa hava məkanında NATO-nun hava nəzarəti və müdafiə tapşırıqlarını yerinə yetirəcək. İsveç hökumətinin açıqlamasına görə, təyyarələrin əsas hissəsi İsveçdə yerləşəcək, Polşada isə daha kiçik irəli əməliyyat bazası fəaliyyət göstərəcək.
Missiyanın əsas vəzifələrindən biri Polşanın cənub-şərqində yerləşən və Ukraynaya hərbi, humanitar və digər yardımların ötürülməsində istifadə olunan logistika mərkəzinin təhlükəsizliyini təmin etməkdir. İsveç müdafiə naziri Pol Yonson bildirib ki, NATO hava məkanının son dövrdə dəfələrlə pozulması şərq cinahında yüksək hərbi hazırlığın vacibliyini göstərir.
Bu, İsveç qırıcılarının Polşada NATO missiyasında ikinci iştirakıdır. İsveç 2025-ci ildə də Polşada NATO-nun gücləndirilmiş hava məkanı nəzarəti əməliyyatına Gripen təyyarələri ilə qoşulmuşdu.
İsveç hökuməti yeni yerləşdirmənin həm NATO-nun kollektiv müdafiəsini gücləndirəcəyini, həm də Ukraynaya davamlı yardımın təhlükəsiz şəkildə çatdırılmasına töhfə verəcəyini bildirib.
