Türkiyədə imzalanan İnkişaf Yolu sənədi mübahisə yaradıb - VİDEO

Türkiyədə imzalanan İnkişaf Yolu sənədi mübahisə yaradıb - VİDEO

Könül Məmmədova · Media ·

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Əli əz-Zeydinin Ankaradakı görüşündən sonra keçirilən mərasimdə İnkişaf Yolu Layihəsinə dair sənədin imzalanması zamanı yaranan fasilə İraqda geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə Ərdoğanın imzalanması nəzərdə tutulan sənədlərin sayını xatırlatmasından sonra İraq nümayəndə heyəti arasında məsləhətləşmələrin aparıldığı və sənədin daha sonra imzalandığı görünür.

Redaksiya xəbər verir ki, bəzi Türkiyə media qurumları İraqın nəqliyyat naziri Vəhhab əl-Həsəninin sənədi əvvəlcə imzalamaq istəmədiyini, Baş nazir Əli əz-Zeydinin müdaxiləsindən sonra isə razılaşmaya imza atdığını yazıb. Digər məlumatlarda hadisənin İraq nümayəndə heyəti daxilində yaranmış texniki və protokol anlaşılmazlığından qaynaqlandığı bildirilib.

Əl-Həsəni sonradan açıqlama verərək razılaşmaya qarşı çıxması barədə iddiaları təkzib edib. Nazir mərasim zamanı texniki və protokol xarakterli bəzi problemlərin yarandığını, lakin İraq tərəfinin bütün rəsmi prosedurları tamamladığını və layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq sənədi imzalamaq niyyətini açıq şəkildə ifadə etdiyini bildirib.

Onun sözlərinə görə, İnkişaf Yolu Strateji Layihəsinə dair çərçivə anlaşma memorandumu həmin günün sonrakı saatlarında imzalanıb. Nazir məsələnin şişirdilməsinə və siyasi polemika predmetinə çevrilməsinə ehtiyac olmadığını vurğulayıb.

Hadisə İraq mediasında da sərt reaksiyalar doğurub. Bəzi şərhçilər nazirin davranışını İranın layihəyə mənfi münasibəti ilə əlaqələndirərək hökuməti Türkiyə ilə münasibətlərə zərər vurmaqda ittiham ediblər. Bununla belə, əl-Həsəninin İranın göstərişi ilə sənədi imzalamaqdan imtina etdiyinə dair rəsmi sübut açıqlanmayıb.

İnkişaf Yolu Layihəsi İraqın Fao limanını Türkiyə üzərindən Avropaya birləşdirəcək dəmir yolu və avtomobil yolu dəhlizinin yaradılmasını nəzərdə tutur. Layihənin İraqı regional nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirməsi, Türkiyənin isə Asiya ilə Avropa arasındakı tranzit mövqeyini gücləndirməsi planlaşdırılır.