Türkiyə ilə Venesuela arasında birbaşa dəniz yük daşımalarının 15 sentyabr tarixindən etibarən başlayacağı bildirilib.
Redaksiya xəbər verir ki, MÜSİAD Venesuela rəhbəri Hayri Küçükyavuz yeni xəttin 18 günə çatma müddəti ilə ənənəvi 60 günlük marşrutu əvəzləyəcəyini açıqlayıb. İlk gəminin bu çərçivədə un, makaron, kosmetik məhsullar və ehtiyat hissələri daşıyacağı, əvəzində isə Venesueladan qəhvə, səkkizayaqlı, krevet, həmçinin ananas, mango, marakuyya, limon və avokado kimi meyvələrin ixrac ediləcəyi qeyd olunub.
Məlumata görə, daşınma qiyməti hər konteyner üçün 3 400 ABŞ dolları təşkil edəcək ki, bu da beynəlxalq şirkətlərin tarifləri ilə oxşardır, lakin daha sürətlidir. Yeni xəttin üç il ərzində ikitərəfli ticarəti 3 milyard dollara çatdıracağı, 2025-ci ilin sonunadək isə bu göstəricinin 800 milyon dollar səviyyəsinə yüksələcəyi proqnozlaşdırılır.
Fərid Əlizadə
