ABB Özbəkistan bazarına çıxır

ABB Özbəkistan bazarına çıxır

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycanın və Cənubi Qafqazın ən böyük bankı ABB tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxır.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Özbəkistanda Azərbaycanın demək olar ki, bütün iri vergi ödəyicisi şirkətləri təmsil olunur.

“Bu gün Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun ən böyük bankı – ABB ilə müqavilə imzalanacaq ki, bu da bankın tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxmasını göstərir”, – deyə Cabbarov bildirib.

Nazir layihənin həyata keçirilməsinə rahat investisiya mühitinin yaradılmasına və dəstəyə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, tənzimləyici orqana, Mərkəzi Banka və ölkə hökumətinə minnətdarlığını bildirib.

“Fürsətdən istifadə edərək, hörmətli Şavkat Miramonoviçə, tənzimləyici orqana, Mərkəzi Banka və hökumətə ümumilikdə rahat investisiya mühitinin yaradılmasına və birbaşa bu layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istərdim”, – deyə Cabbarov qeyd edib.

Nazir qarşıdakı sazişin təfərrüatlarını açıqlamayıb.

ABB Bank (International Bank of Azerbaijan) Azərbaycanın ən böyük universal bankı və Cənubi Qafqaz regionunun aparıcı maliyyə institutudur. 1992-ci ildə dövlət qurumu kimi yaradılan bank ölkədə aktivlərin həcminə, kredit portfelinə və depozit bazasına görə lider mövqelər tutur, həmçinin Azərbaycanın beynəlxalq ekvayrinq və hesablaşma-kassa əməliyyatlarının əhəmiyyətli hissəsini təmin edir.

"Davr Bank" 2001-ci ildə Daşkənddə yaradılmış Özbəkistanın özəl kommersiya bankıdır. Maliyyə-kredit təşkilatı kiçik və orta biznesə xidmət göstərilməsi, pərakəndə bank xidmətləri, mikrokreditləşmə, həmçinin ölkənin regionlarında filial və ekspert mərkəzləri şəbəkəsinin inkişafı üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.

Trend