Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Möhtərəm Prezident cənab İlham Əliyevin söylədiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Bu dəfə dost, eyni zamanda vahid kökə malik ölkələrin liderləri Macarıstanda bir araya gəldilər. Dost və qardaş ölkələrin liderlərini böyük səmimiyyətlə qarşılayan Macarıstan lideri Viktor Orban ev sahibi rolunu uğurla icra etdi.
Kifayət qədər səmimi görüş və məqamlarla yadda qalan Budapeşt görüşü təşkilatın inkişafına növbəti təkan verəcəkdir. Ölkə başçısı cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında mühüm məsələlərə toxunmaqla yanaşı Türk dövlətlərinin birliyinin daha da qüvvətlənməsi istiqamətində bundan sonra da ardıcıl addımların atılmasının vacibliyini vurğuladı.Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Bildiyimiz kimi bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Ermənistanın işğal dövründə bu ərazilərdə törətdikləri vəhşilikləri dünya ictimaiyyəti beş ildir ki, öz gözləri ilə görür. Təşkilata üzv olan ölkələrin bu prosesdə yaxından iştirak etməsi bizləri, həm sevindirir, həm də qürurlandırır. Bəli, bu əsl qardaşlıq, dostluq nümunəsidir. Dünyada baş verən kataklizmlər, müharibələr fonunda üzv dövlətlərin həmrəylik nümayiş etdirməsi az-az görünən və təqdir edilən nümunədir.
Aygün Abdullayeva;
Neftçala rayon ziyalısı
