ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtondakı illik şam yeməyi zamanı təhlükəsizlik insidentindən sonra təxliyə ediliblər. Reuters-in məlumatına görə, hadisə Vaşinqton Hilton hotelində baş verib və prezidentin yaxınlığında atəş səsləri eşidildikdən sonra Secret Service əməkdaşları Trampı zalı tərk etməyə məcbur ediblər.
Redaksiya AP-nin məlumatına əsasən xəbər verir ki, silahlı şəxs tədbirin keçirildiyi zala doğru irəliləməyə çalışıb. O, təhlükəsizlik məntəqəsindən keçərkən atəş açıb və daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rəsmilər şübhəlinin hadisə zamanı silah və bıçaqlarla silahlandığını bildiriblər.
Hadisə zamanı bir Secret Service əməkdaşına atəş açılıb. AP yazır ki, güllə onun qoruyucu jiletinə dəyib və əməkdaşın vəziyyətinin yaxşı olduğu bildirilib. Prezident, birinci xanım və tədbirdə iştirak edən yüksək vəzifəli şəxslər xəsarət almayıb.
Şübhəli şəxs 31 yaşlı Cole Tomas Allen kimi müəyyən edilib. AP-nin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, o, Kaliforniyanın Torrance şəhərindəndir və ona qarşı odlu silahla bağlı ittihamlar, o cümlədən təhlükəli silahla hüquq-mühafizə əməkdaşına hücum ittihamı irəli sürülə bilər.
Atəş səslərindən sonra zalda panika yaranıb, qonaqlar masaların altına girərək gizləniblər. Secret Service əməkdaşları əvvəlcə Trampı səhnədə qoruyub, daha sonra onu və Melaniya Trampı zaldan çıxarıblar. Vitse-prezident Cey Di Vens və digər yüksək vəzifəli şəxslər də təxliyə edilib.
Hadisədən sonra Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib. O, hücumçunun təkbaşına hərəkət etdiyinin ehtimal olunduğunu bildirib və hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib. Tədbirin əvvəlcə davam etdirilməsi planlaşdırılsa da, daha sonra ləğv edilib və başqa tarixə keçirilməsi qərara alınıb.
Hadisənin baş verdiyi Vaşinqton Hilton hoteli ABŞ siyasi tarixində başqa bir hücumla da xatırlanır. 1981-ci ildə keçmiş prezident Ronald Reyqan həmin hotelin qarşısında sui-qəsd cəhdi zamanı yaralanmışdı.
