ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Yaxın Şərqdəki vəziyyət və bölgənin gələcəyi ilə bağlı əhəmiyyətli açıqlamalar verib.
Redaksiya xəbər verir ki, Vitkof çıxışı zamanı bildirib:
“İranla hərtərəfli və davamlı bir sülh sazişinin əldə olunması üçün ümidliyik. Son günlərdə İranın bu prosesə hazır olduğuna dair güclü siqnallar alırıq.”
ABŞ rəsmisi əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı istənilən təxribat qırmızı xət kimi qəbul ediləcək:
“Əgər İran zənginləşdirilmiş uran istehsalını bərpa etməyə cəhd etsə, bu, ABŞ üçün qəti şəkildə qırmızı xətti aşmaq olacaq.”
Stiv Vitkof, həmçinin, İbrahim Sazişləri çərçivəsində yeni ölkələrin bu təşəbbüsə qoşulacağını və bununla bağlı yaxın günlərdə genişmiqyaslı açıqlamaların veriləcəyini bildirib.
Bunun fonunda İsrailin paytaxtı Tel-Əvivdə də vizual kampaniyalar başlayıb. Şəhərin əsas prospektlərində yerləşdirilən reklam bannerlərində “İbrahim İttifaqı" və "Yeni Yaxın Şərq” şüarı yer alıb.
Rəsmilər bildirirlər ki, bölgədə davamlı sülh və əməkdaşlıq üçün diplomatik səylər gücləndiriləcək.
Sevinc Kərimova
