ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərə təxminən bir ay qalmış amerikalı seçicilər üçün ən vacib məsələnin nə olduğu barədə suala konkret cavab verə bilməyib. Açıqlama respublikaçıların Nümayəndələr Palatası və Senatda çoxluğu qorumağa çalışdığı seçki kampaniyasının həlledici mərhələsində səslənib.
Redaksiya xəbər verir ki, Tramp son həftələrdə respublikaçı namizədlərin seçkilərdə uğur qazanacağını dəfələrlə bildirib və partiyasının kampaniyasına fəal şəkildə qoşulub. O, İranla davam edən müharibənin də yaxın müddətdə başa çatacağını iddia edir.
Bununla yanaşı, ABŞ-da aparılan son sorğular seçicilərin əsas narahatlığının iqtisadi vəziyyət, inflyasiya və yaşayış xərcləri olduğunu göstərir. CNN-in məlumatına görə, xüsusilə müstəqil seçicilər arasında inflyasiya və iqtisadiyyat digər mövzuları əhəmiyyətli fərqlə qabaqlayır.
NPR-in seçicilər arasında apardığı araşdırmalarda da mənzil, ərzaq və gündəlik yaşayış xərclərinin əlçatanlığı əsas problem kimi ön plana çıxıb. Reuters/Ipsos sorğuları isə seçicilərin Tramp administrasiyasının iqtisadi siyasətinə münasibətində ciddi narazılığın qaldığını göstərib.
Tramp isə kampaniya çıxışlarında ABŞ iqtisadiyyatının güclü olduğunu bildirir və yüksək qiymətlərlə bağlı tənqidləri qəbul etmir. Aralıq seçkilər 3 noyabrda keçiriləcək və nəticələr Konqresin hər iki palatasında qüvvələr nisbətini müəyyən edəcək.
