Trampın Liviya barədə təhqiramiz sözləri diplomatik qalmaqal yaradıb

Trampın Liviya barədə təhqiramiz sözləri diplomatik qalmaqal yaradıb

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Trampın Liviya, Yəmən, Haiti və Somali haqqında işlətdiyi təhqiramiz ifadələr diplomatik qalmaqala səbəb olub. Liviya Xarici İşlər Nazirliyi ABŞ-ın Tripolidəki müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq rəsmi izahat və açıqlamaların düzəldilməsini tələb edib. Bu barədə Liviyanın dövlət xəbər agentliyi LANA məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Tramp Corciya ştatında keçirilən seçki mitinqində ABŞ-a miqrasiya məsələsindən danışarkən Liviya, Yəmən, Haiti və Somalini təhqiramiz ifadə ilə xarakterizə edib.

“Liviya, Yəmən, Haiti və Somali... Mən bu ölkələri üfunətli ölkələr adlandırıram”, – deyə Tramp bildirib.

ABŞ Prezidentinin açıqlaması Liviyada kəskin etirazla qarşılanıb. Ölkənin Xarici İşlər Nazirliyi Amerika diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkilini çağıraraq rəsmi etiraz notası təqdim edib.

Nazirlik Vaşinqtondan Trampın sözlərinə aydınlıq gətirilməsini və təhqiramiz ifadələrin düzəldilməsini tələb edib.

Liviya XİN-in bəyanatında vurğulanıb ki, ölkə müstəqil dövlət olaraq xalqının ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən və onu başqa dövlətin daxili siyasi mübarizəsinə cəlb edən hər hansı açıqlamanı qəbuledilməz hesab edir.

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə də Trampın sözlərinə münasibət bildirib. O, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmətə əsaslanmalı olduğunu vurğulayıb.

“Biz Liviya və onun xalqının ləyaqətinin seçki müzakirələrinin mövzusuna çevrilməsini heç vaxt qəbul etməyəcəyik”, – deyə Dibeybə bildirib.

Trampın açıqlamaları ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində səsləndirilib. Amerika lideri miqrasiya siyasətindən danışarkən sözügedən ölkələrdən gələn miqrantları hədəfə alıb.