Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib

Nizami Salmanov · Media ·

Misir parlamenti Səudiyyə Ərəbistanının müdafiəsinə hərbi dəstək göstərilməsini nəzərdə tutan qərarı təsdiqləyib. Qərara əsasən, Misir ordusu zərurət yaranacağı təqdirdə Səudiyyə Ərəbistanına hərbi yardım göstərə biləcək.

Redaksiya xəbər verir ki, parlamentin qərarı Yəməndəki İranın dəstəklədiyi Husi qüvvələrinin Səudiyyə Ərəbistanına hücumlarının intensivləşdiyi bir dövrdə qəbul edilib. Bu addım Qahirənin regiondakı hərbi və təhlükəsizlik proseslərində rolunu genişləndirə bilər.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ötən həftə parlamentə müraciət edərək Səudiyyə Ərəbistanının Husilərə qarşı yardım istəməsi halında ölkənin müdafiəsinə dəstək verilməsinə icazə verilməsini tələb etmişdi.

Məlumata görə, Husilərin fəaliyyəti Misir üçün strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının təhlükəsizliyinə də təhdid yaradır. Bu boğaz Qırmızı dəniz vasitəsilə Süveyş kanalına gedən beynəlxalq dəniz nəqliyyatı marşrutunun mühüm hissəsidir.

Qahirə administrasiyası İranın və onun dəstəklədiyi silahlı qrupların Körfəz ölkələrinə hücumlarını dəfələrlə pisləsə də, indiyədək mövcud hərbi qarşıdurmalarda birbaşa iştirak etməyib.

Digər tərəfdən, Misirin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qarşılıqlı müdafiə əməkdaşlığını nəzərdə tutan “Məkkə sazişi”nə qoşulması məsələsi də gündəmdədir.

Misirin xarici işlər naziri Bədr Əbdülati ölkəsinin bu sazişə qoşulmaq imkanını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb. Bununla belə, Qahirə hələlik razılaşmaya rəsmən qoşulmayıb.

Qeyd edək ki, Misir 2015-ci ilin martında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Yəmən koalisiyasına qoşulmuşdu. Həmin dövrdə Qahirə əsasən hərbi dəniz qüvvələri ilə dəstək göstərmiş, Qırmızı dənizdə gəmiçilik marşrutlarının təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərmişdi.

Misir həmçinin bölgəyə təxminən 800 quru qoşunu hərbçisi yerləşdirmiş, lakin hərbi əməliyyatlarda məhdud iştirak etmişdi.

Səudiyyə Ərəbistanı Misirin əsas siyasi və maliyyə tərəfdaşlarından biri hesab olunur. Əbdülfəttah əs-Sisinin hakimiyyəti dövründə Ər-Riyad Qahirəyə milyardlarla dollar həcmində maliyyə yardımı göstərib, ölkənin Mərkəzi Bankında depozitlər yerləşdirib və enerji təchizatına dəstək verib.

Misir parlamentinin yeni qərarı iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsinə və Qahirənin Yaxın Şərqdə regional təhlükəsizliyin təmin edilməsində rolunun artmasına şərait yarada bilər.