Fox News tərəfindən yayımlanan qrafikdə ABŞ Prezidenti Donald Trampın Çin səfərində onu müşayiət edən iri şirkət rəhbərlərinin adları açıqlanıb.
Redaksiya Fox News-a istinadla xəbər verir ki, nümayəndə heyətinə Apple rəhbəri Tim Kuk, BlackRock rəhbəri Larri Fink, Blackstone rəhbəri Stiven Şvartsman, Boeing rəhbəri Kelli Ortberq, Cargill rəhbəri Brayan Sayks və Citi rəhbəri Ceyn Freyzer daxildir.
Siyahıda həmçinin GE Aerospace rəhbəri Larri Kalp, Goldman Sachs rəhbəri Devid Solomon, Illumina rəhbəri Yakob Taysen, Mastercard rəhbəri Maykl Mibax, Meta-nın qlobal siyasət rəhbəri Dina Pauell Makkormik, Micron rəhbəri Sancay Mehrotra və Qualcomm rəhbəri Kristiano Amon da yer alıb.
Nümayəndə heyətində İlon Maskın da olduğu bildirilir. Bundan əlavə Visa rəhbəri Rayan Makinerni də səfərdə iştirak edən biznes liderləri arasındadır.
Müşahidəçilərin fikrincə, bu qədər geniş biznes heyətinin Trampın Çin səfərinə qoşulması Vaşinqtonun Pekinlə iqtisadi münasibətləri tam qoparmaq niyyətində olmadığını göstərir. Xüsusilə texnologiya, yarımkeçirici, maliyyə və aviasiya sektorlarının nümayəndələrinin iştirakı diqqət çəkir.
