ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul edib. Görüş zamanı tərəflər Rusiya-Ukrayna müharibəsi, enerji və müdafiə sahələrində əməkdaşlıq, həmçinin sülh perspektivlərini müzakirə ediblər.
Redaksiya xəbər verir ki, Tramp mətbuat konfransında Putini müharibəni dayandırmağa inandırmağın mümkünlüyü barədə suala “Bəli, biz bacararıq” cavabını verib. O, Zelenskini “çox güclü lider” adlandıraraq, “biz bir-birimizi yaxşı anlayırıq” deyib. Zelenski isə ABŞ-ın böyük enerji və hərbi şirkətləri ilə danışıqlar apardıqlarını, hava hücumundan müdafiə sistemləri və enerji infrastrukturu məsələlərinin gündəmdə olduğunu bildirib.
Tramp bəyan edib ki, “Putin müharibənin bitməsini istəyir, Zelenski də istəyir”. O, Ukraynaya göndərilən “Tomahawk” raketləri və digər silahların müharibənin qısalmasına xidmət etdiyini söyləyib. Tramp həmçinin Ukrayna dronlarının keyfiyyətini yüksək qiymətləndirib, lakin “heç bir şey qırıcı təyyarələr kimi deyil” sözlərini əlavə edib.
ABŞ lideri çıxışında NATO üzvü İspaniyanın alyansa sadiqliyini tənqid edib və “İspaniya cəzalandırılmalıdır” deyib. O, Pakistanın Əfqanıstana hücum etdiyini iddia edərək, “bu məsələni həll etmək mənim üçün asandır, mən müharibələri həll etməyi sevirəm” ifadəsini işlədib. Trampın sözlərinə görə, “Rusiya qüvvələri hava şəraiti və ‘Javelin’ raketləri olmasaydı, çox tez bir zamanda Kiyevə daxil olardı”.
