ABŞ prezidenti Donald Tramp bu günü “çox uğurlu” adlandıraraq Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsinə çalışacağını açıqlayıb. O, mümkün ərazi mübadiləsinin müzakirəyə çıxarılmalı olduğunu da vurğulayıb.
Redaksiya xəbər verir ki, Tramp Rusiya Federasiyasının təhlükəsizlik zəmanətlərini qəbul etməyə razılıq verdiyini bildirib. Zelenski isə ABŞ prezidenti ilə “çox yaxşı söhbət” apardığını və təhlükəsizlik zəmanətlərinin danışıqların əsas mövzularından biri olduğunu qeyd edib.
Tramp çıxışında Alaskadakı sammitin Ukraynada sülhə nail olunmasının mümkünlüyünə onu inandırdığını deyib. O, həmçinin Rusiyanın “daha genişmiqyaslı təcavüz” ehtimalına inanmadığını bəyan edib.
Zelenski isə mətbuata açıqlamasında ərazi məsələlərinin Rusiya, ABŞ və Ukrayna liderlərinin üçtərəfli görüşündə müzakirə ediləcəyini bildirib. Onun sözlərinə görə, Tramp ilə danışıqlarda həssas məsələlər də diqqət mərkəzində olub.
Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Aİ NATO-nun beşinci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri üzərində işləyəcək.
Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin həllini Avropanın iştirakı ilə dördtərəfli formatda müzakirə etməyi təklif edib. O, üçtərəfli görüşdən əvvəl atəşkəsin zəruriliyini vurğulayıb.
Tramp əlavə edib ki, bir-iki həftə ərzində danışıqlar yolu ilə Ukraynadakı münaqişənin həllinin perspektivləri daha aydın görünəcək. Onun sözlərinə görə, çox mürəkkəb məsələlər yoxdur, lakin nəticənin əldə olunmaması da mümkündür.
Almaniya kansleri Mers isə Tramp ilə söhbətində növbəti görüşədək atəşkəsə nail olunacağına ümid etdiyini bildirib.
Tramp və Zelenskinin Avropa İttifaqı liderlərinin iştirakı ilə keçirdiyi, mətbuat üçün açıq hissə təxminən 28 dəqiqə davam edib.
Sevinc Kərimova
