ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Qəzza planı və Yaxın Şərqdə sülh perspektivləri barədə çıxış edib.
Redaksiya xəbər verir ki, Tramp bugünkü günü “mümkün olan ən böyük günlərdən biri, bəlkə də sivilizasiyanın ən böyük günü” adlandırıb: “Bunu Yaxın Şərqdə əbədi sülh deyək. Bir çox Avropa lideri mənə zəng edib soruşur: bu doğrudurmu, siz həqiqətən Yaxın Şərqdə sülh edirsinizmi? Bu inanılmazdır”.
Tramp çıxışında Netanyahunun Qəzza planına razılıq verməsinə görə təşəkkür edib: “Birlikdə işləsək, illərlə, onilliklərlə, hətta minilliklərlə davam edən ölüm və dağıntılara son qoya bilərik. Region üçün təhlükəsizlik, sülh və rifahın yeni fəsli başlaya bilər”.
ABŞ prezidenti həmçinin bildirib ki, təklif qəbul edilərsə, HƏMAS bütün girovları dərhal azad etməlidir: “Eşidirəm ki, HƏMAS da bunu başa çatdırmaq istəyir. İndi sülh sazişinə razılıq verməli olan yeganə tərəf onlardır. Əgər imtina etsələr, Netanyahu mənim tam dəstəyimə malik olacaq”.
Tramp əlavə edib ki, “Qəzza sülh şurasına” sabiq Britaniya baş naziri Toni Bleyer daxil ediləcək və yaxın günlərdə daha bir neçə ad açıqlanacaq: “Məni ora ad verdilər, indi isə hamı qoşulmaq istəyir”.
O, 7 oktyabr faciəsini xatırladaraq girovların azad olunmasının vacibliyini vurğulayıb: “Minlərlə insan həyatını itirdi. İndi girovları geri almağın vaxtıdır. Netanyahu döyüşçüdür, normal həyata dönməyi bilmir. İsrail onun kimi liderə sahib olduğu üçün şanslıdır”.
Tramp bəzi Avropa ölkələrinin Fələstin dövlətini tanımasını “səfehlik” adlandırıb və yaxın günlərdə Qəzzədə atəşin kəsilməli olduğunu deyib: “Bəlkə də əbədi olar. Bu, çox gözəl olmazdımı?”
ABŞ prezidenti həmçinin öz dövründə imzalanmış “İbrahim Sazişləri”ni xatırladıb və “heç bir prezident İsrailin dostu kimi mənim qədər olmamışdır” sözlərini işlədib. O bildirib ki, vaxtilə İranın da bu sazişlərə qoşulacağını düşünmüşdü: “İndi isə bu, B2-lərlə fərqli istiqamət aldı”.
Tramp BMT-dəki çıxışını da yada salaraq teleprompterin işləməməsinə baxmayaraq uzun nitq etdiyini və bunun yüksək qiymətləndirildiyini bildirib: “Bunu Bayden edə bilərdimi? Məncə, yox”.
Sonda Tramp vurğulayıb: “Tarix göstərir ki, İsraillə əlaqələri olanlar çiçəklənib, onu məhv etmək istəyənlər isə uğursuzluğa düçar olublar”.
