ABŞ Prezidenti Donald Tramp Türkiyədən ayrılarkən təyyarəsinin dəyişdirilməsi ilə bağlı qərarın Məxfi Xidmətin göstərişi əsasında verildiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə istifadə etməli olduğu təyyarə daha yüksək risk altında hesab edilib. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Tramp təhlükəsizlik qərarlarının ABŞ Məxfi Xidməti və hərbi qurumların tövsiyələri əsasında qəbul edildiyini bildirib. O, Türkiyədən çıxış zamanı tətbiq edilən xüsusi tədbirlərlə bağlı, "Mən Məxfi Xidmətin göstərişlərinə əməl edirdim", deyə qeyd edib.
Tramp bildirib ki, əvvəlcədən planlaşdırılan təyyarənin daha böyük təhlükə ilə üzləşə biləcəyi barədə ona məlumat verilib. Prezident təhlükənin detalları ilə dərindən maraqlanmadığını və təhlükəsizlik xidmətlərinin qərarına əməl etdiyini deyib.
Məlumata görə, Türkiyədə keçirilən NATO sammitindən sonra Trampın uçuş marşrutunda təhlükəsizlik məqsədilə dəyişiklik edilib. ABŞ rəsmiləri daha əvvəl prezidentə qarşı İran və onunla əlaqəli qüvvələrdən mümkün təhlükə barədə kəşfiyyat məlumatlarının əldə olunduğunu bildirmişdilər.
