Rabitəbank kartdan-karta köçürmələrə yeni tələbi elan etdi

Rabitəbank kartdan-karta köçürmələrə yeni tələbi elan etdi

Fərid Əlizadə · Media ·

Rabitəbank 1 avqust 2026-cı il tarixindən etibarən Rabita Mobile tətbiqi üzərindən həyata keçirilən kartdan-karta köçürmələr üçün yeni funksionallıq tətbiq edib. Dəyişikliyə əsasən, müştərilər C2C köçürməsi zamanı əməliyyatın təyinatını qeyd etməlidirlər.

Redaksiya xəbər verir ki, tətbiqdə köçürmənin məqsədini göstərmək üçün üç seçim təqdim olunur:

- Mal alışı

- Xidmət alışı

- Şəxsi və digər köçürmələr

“Şəxsi və digər köçürmələr” seçildikdə müştəri köçürmənin məqsədini açıqlayan minimum 10 simvoldan ibarət qısa məlumat daxil etməlidir. Bank bildirir ki, yeni funksionallıq əməliyyatların təyinatının daha dəqiq müəyyənləşdirilməsinə, şəffaflığın artırılmasına və rəqəmsal ödənişlərdə təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.

Rabitəbank vurğulayıb ki, kartdan-karta pul köçürmələrinə ümumi qadağa və ya məhdudiyyət tətbiq edilmir. Risk əsaslı yanaşmaya uyğun olaraq kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə bir gün ərzində maksimum 5 əməliyyat nəzərdə tutulur.

Gündəlik əməliyyatların ümumi məbləği üzrə limit müəyyən edilməyib. Kartdan-karta köçürmələrin ümumi məbləği üzrə isə aylıq 20 min manat limit tətbiq olunur. Şəxsin öz hesabları arasında həyata keçirdiyi mədaxil əməliyyatları, eləcə də yaxın qohumlar tərəfindən edilən mədaxillər bu məhdudiyyətlərə şamil edilmir.

Bank bildirir ki, müştərilər əvvəlki qaydada ödəniş alətlərindən istifadə etməklə məxaric əməliyyatlarını həyata keçirə bilərlər. Rabitəbank rəqəmsal bankçılıq xidmətlərini təhlükəsizlik tələblərinə uyğun təkmilləşdirməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarının daha rahat həyata keçirilməsi üçün yeni həllərin hazırlanmasını davam etdirir.

“Rabitəbank” ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Hazırda bank Bakı və regionlarda ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM, Rabita Mobile, Rabita Junior və Rabita Business tətbiqləri, internet bankçılıq platforması və 133 Çağrı Mərkəzi vasitəsilə xidmət göstərir.