Tramp Ankaradan gizli hərbi təyyarə ilə çıxarılıb

Tramp Ankaradan gizli hərbi təyyarə ilə çıxarılıb

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Trampın Türkiyənin paytaxtı Ankaradan ayrılarkən İran tərəfindən mümkün sui-qəsd təhlükəsi səbəbindən gizli təhlükəsizlik əməliyyatı ilə Air Force One təyyarəsindən çıxarıldığı bildirilir. Tramp əvvəlcə jurnalistlərin qarşısında Air Force One-a minib, daha sonra isə hava limanında yemək və təchizat daşıyan xüsusi yük maşını vasitəsilə təyyarədən gizli şəkildə çıxarılaraq C-32A hərbi təyyarəsinə aparılıb. Bu barədə The Washington Post məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, əməliyyatın məqsədi Trampın real hərəkət marşrutunu gizlətmək olub. ABŞ tərəfinin İran və onunla əlaqəli qüvvələrdən prezidentə qarşı etibarlı təhlükə barədə kəşfiyyat məlumatı aldığı bildirilir. Daha əvvəl CBS News da ABŞ rəsmilərinə istinadən Trampın təyyarəsinə raketlə hücum planı barədə etibarlı məlumat əldə olunduğunu yazmışdı.

Məlumata görə, Ağ Evin jurnalist hovuzunun üzvləri və administrasiyanın bəzi əməkdaşları əməliyyatdan xəbərsiz olub. Onlar əsas Air Force One təyyarəsində uçuşa davam edərək Trampın da həmin təyyarədə olduğunu düşünüblər. Tramp isə daha kiçik C-32A təyyarəsi ilə Böyük Britaniyadakı Mildenholl hərbi bazasına aparılıb.

Ankaradan uçuş zamanı Air Force One-da olan jurnalistlərdən təyyarənin pəncərə pərdələrini bağlamaları da istənilib. Bu detal səfərdən dərhal sonra The Washington Post tərəfindən də qeydə alınmışdı. Tramp həmin vaxt təhlükəsizlik səbəblərinin təyyarə dəyişdirilməsində rol oynadığını açıq şəkildə təsdiqləməsə də, İranın ona qarşı təhdidlərinin mövcud olduğunu bildirmişdi.

Ağ Ev sonradan təhlükəsizlik narahatlıqlarının belə bir aldatma əməliyyatının həyata keçirilməsinə səbəb olduğunu təsdiqləyib. Əməliyyatın bütün detalları və bu barədə administrasiya daxilində neçə nəfərin əvvəlcədən məlumatlandırıldığı açıqlanmayıb.