Tramp Tayvana silah satışını hələlik dayandırıb

Tramp Tayvana silah satışını hələlik dayandırıb

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp Tayvana 12 milyard dollarlıq silah tədarükü məsələsinin hələlik pauzada olduğunu bildirib.

Redaksiya məlumat verir ki, Tramp bu açıqlamanı Çin lideri Si Cinpinlə danışıqlardan sonra verib. ABŞ lideri silah paketini hazırda “ehtiyatda saxladığını” və yekun qərarın Çinin davranışından asılı olacağını deyib.

Trampın sözlərinə görə, Tayvana silah tədarükü Vaşinqton üçün Pekinlə danışıqlarda mühüm təzyiq aləti olaraq qalır. O, bunu ABŞ tərəfinin “çox yaxşı kozırı” adlandırıb.

Məsələ ABŞ-Çin münasibətlərində ən həssas başlıqlardan biri hesab olunur. Pekin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi sayır və adaya silah satışını Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

Vaşinqton isə Tayvanın müdafiə qabiliyyətini dəstəklədiyini bildirir. Bununla belə, Trampın son açıqlaması ABŞ-ın silah satışından yalnız təhlükəsizlik addımı kimi deyil, həm də Pekinlə danışıqlarda diplomatik alət kimi istifadə edə biləcəyini göstərir.