ABŞ Prezidenti Donald Tramp süni intellektin adının “superintellekt” olaraq dəyişdirilməsi ilə bağlı əvvəlki açıqlamasına yenidən qayıdıb və bu təşəbbüsü öz qərarı kimi ön plana çıxarıb. O, “süni intellekt” ifadəsinin yanlış seçildiyini, yeni adlandırmanın isə daha düzgün olduğunu bildirib. Bu barədə Tramp çıxışı zamanı danışıb.
Redaksiya xəbər verir ki, Tramp “süni intellekt” ifadəsindəki “süni” sözünün texnologiyanı qeyri-real və ya saxta kimi göstərdiyini deyib. Prezident “superintellekt” ifadəsinin daha yaxşı və daha dəqiq olduğunu vurğulayıb və bu terminologiyanın ABŞ sənədlərində tətbiq olunmasını istədiyini bildirib.
Tramp çıxışında ad dəyişikliyini şəxsi təsir imkanlarının bir növ sınağı kimi də təqdim edib. O, “görək, mənim buna gücüm çatacaqmı” məzmununda danışaraq yeni terminologiyanın digər ölkələrdə də qəbul edilməsini arzuladığını qeyd edib.
ABŞ Prezidenti eyni çıxışda ölkəsinin süni intellekt sahəsində Çin və digər rəqibləri qabaqladığını da iddia edib. Onun sözlərinə görə, bu texnologiyada lider olan ölkə gələcəkdə qlobal üstünlük qazanacaq və ABŞ hazırkı liderliyini qorumağa çalışacaq.
Tramp son həftələrdə “süni intellekt” əvəzinə “superintellekt” ifadəsindən istifadə olunması fikrini bir neçə dəfə təkrarlayıb. Son açıqlamasında isə diqqəti daha çox qərarın məhz onun təşəbbüsü olması və bu adlandırmanı geniş istifadəyə gətirə biləcək siyasi təsir imkanlarına yönəldib.
