Tramp Qəzza üçün 21 maddəlik atəşkəs planı hazırladı

Tramp Qəzza üçün 21 maddəlik atəşkəs planı hazırladı

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən təqdim edilən 21 maddəlik atəşkəs planı İsrail mediasında dərc olunub. Plan əsirlərin dəyişdirilməsi, HƏMAS-ın idarəçilikdən kənarda saxlanılması, Qəzzanın beynəlxalq nəzarətə açılması və uzunmüddətli perspektivdə Fələstin dövlətinin yaradılmasına gedən yolun təmin olunmasını nəzərdə tutur. İsrailin baş naziri Benyamin Netanyahu isə Tramp ilə görüşdən öncə bəzi maddələrdə dəyişiklik edilməsini istəyib.

Redaksiya xəbər verir ki, The Times of Israel-in yayımladığı plana görə, məqsəd Qəzzada müharibəni dayandırmaq və Fələstin dövlətinin qurulmasına yol açmaqdır. Vaşinqton isə Tel-Əvivə razılaşmaya getməsi üçün təzyiqləri artırır. Yedioth Ahronot yazır ki, İsrail planın əksər hissəsini qəbul edilə bilən hesab edir, lakin Netanyahu bəzi dəyişikliklər tələb edir. Kanal 13-ün məlumatına görə isə, ABŞ administrasiyası İsrailin HƏMAS-la razılaşmadan yayınmasına görə səbrini itirməkdədir.

21 maddəlik planın əsas bəndləri belədir:

  1. Qəzza qonşularına təhlükə yaratmayan, radikallaşmadan təmizlənmiş və terror infrastrukturu olmayan bölgə olacaq.
  2. Qəzza xalqın xeyrinə yenidən qurulacaq.
  3. İsrail və HƏMAS planı qəbul edərsə, müharibə dərhal bitəcək, İsrail ordusu hücumlarını dayandıracaq və mərhələli şəkildə Qəzzadan çəkiləcək.
  4. İsrail razılaşmanı rəsmi elan etdikdən sonrakı 48 saat ərzində bütün israilli əsirlər — sağ və ya ölü — geri qaytarılacaq.
  5. Əsirlər qaytarıldıqdan sonra İsrail yüzlərlə fələstinli əsiri və müharibənin əvvəlindən həbs olunan minlərlə Qəzza sakinini azad edəcək, eyni zamanda yüzlərlə fələstinlinin cənazəsini təhvil verəcək.
  6. Əsirlərin qaytarılmasından sonra sülh içində yaşamağı qəbul edən HƏMAS üzvləri əfv ediləcək, bölgəni tərk etmək istəyənlərə təhlükəsiz keçid veriləcək.
  7. Razılaşmadan sonra Qəzzaya gündəlik ən azı 600 yük maşını həcmində humanitar yardım və infrastruktur avadanlıqları daxil olacaq.
  8. Yardımlar BMT, Qızıl Aypara və müstəqil qurumlar vasitəsilə bölüşdürüləcək.
  9. Qəzzada gündəlik idarəni fələstinli texnokratlardan ibarət müvəqqəti hökumət təmin edəcək və bu struktur ABŞ-ın ərəb və avropalı tərəfdaşları ilə yaratdığı beynəlxalq qurum tərəfindən nəzarətdə saxlanılacaq.
  10. Müasir Orta Şərq şəhərlərinin qurulmasında təcrübəli ekspertlərlə Qəzzanın yenidən qurulması üçün iqtisadi plan hazırlanacaq.
  11. İştirakçı ölkələrin güzəştləri əsasında xüsusi iqtisadi zona yaradılacaq.
  12. Heç kim Qəzzanı tərk etməyə məcbur edilməyəcək, getmək istəyənlərə qayıtmaq imkanı veriləcək, xalq isə qalmağa təşviq olunacaq.
  13. HƏMAS Qəzzanın idarəsində heç bir rol oynamayacaq, tunellər də daxil olmaqla hərbi infrastruktur dağıdılacaq. Yeni rəhbərlik qonşularla dinc münasibətlər qurmağı öhdəsinə götürəcək.
  14. Regional tərəfdaşlar HƏMAS və digər qrupların öhdəliklərinə əməl etməsini təmin etmək üçün təhlükəsizlik zəmanəti verəcək.
  15. ABŞ, ərəb dövlətləri və beynəlxalq tərəfdaşlarla birlikdə müvəqqəti beynəlxalq sabitlik qüvvəsi yaradılacaq və bu qurum gələcəkdə fəaliyyət göstərəcək Fələstin polis gücünü təlimləndirəcək.
  16. İsrail Qəzzanı işğal və ilhaq etməyəcək, nəzarətindəki əraziləri mərhələli şəkildə təhvil verəcək.
  17. HƏMAS razılaşmanı rədd edərsə, yuxarıda sadalanan bəndlər terror infrastrukturu aradan qaldırılan bölgələrdə tətbiq olunacaq və bu ərazilər mərhələli şəkildə beynəlxalq qüvvələrə təhvil veriləcək.
  18. İsrail Qətərə hücum etməyəcəyini öhdəsinə götürəcək, ABŞ və beynəlxalq ictimaiyyət isə Dohanın vasitəçilik rolunu tanıyacaq.
  19. Radikallaşmadan uzaqlaşdırmaq üçün əhali arasında ideoloji dəyişikliklər və dinlərarası dialoq proqramları həyata keçiriləcək.
  20. Qəzzanın yenidən qurulması və Fələstin Administrasiyasının islahat proqramı irəlilədikcə, Fələstin dövlətinin qurulması üçün şərtlər yetişəcək.
  21. ABŞ, İsrail və fələstinlilər arasında uzunmüddətli siyasi dialoq başlanacaq və davamlı sülh üçün yol xəritəsi hazırlanacaq.

Trampın 29 sentyabrda Netanyahu ilə keçirəcəyi görüşdə, Ağ Evin Qəzzadakı müharibəni dayandırmaq üçün daha sərt və qətiyyətli mövqe ortaya qoyması gözlənilir.