ABŞ Prezidenti Donald Tramp Rusiyanın nəzarətində olan Ukraynanın şərq bölgələri ilə bağlı Moskva ilə heç bir razılaşmanın olmadığını bildirib.
Redaksiya CNN-ə istinadla xəbər verir ki, Tramp jurnalistin Donbas bölgəsi ilə bağlı sualını cavablandırarkən ABŞ və Rusiya arasında Luqansk və Donetsk məsələsində anlaşmanın mövcud olmadığını deyib.
ABŞ prezidentinin açıqlaması son günlər Vaşinqton və Moskva arasında mümkün gizli diplomatik təmaslarla bağlı yayılan iddialar fonunda diqqət çəkib. Xüsusilə Ukraynanın şərqindəki işğal olunmuş ərazilərin statusu ilə bağlı kompromis ehtimalları beynəlxalq mediada geniş müzakirə olunurdu.
Tramp administrasiyası indiyədək Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bununla yanaşı, Ağ Ev müharibənin dayandırılması üçün diplomatik variantların da nəzərdən keçirildiyini gizlətmir.
Donetsk və Luqansk vilayətləri 2014-cü ildən bəri Rusiya dəstəkli separatçı qüvvələrin nəzarətində olub, Moskva isə 2022-ci ildə bu bölgələrin Rusiyaya birləşdirildiyini elan edib. Ukrayna və Qərb ölkələri bu addımı tanımır.
