Tramp: Anam Kral Çarlzı çox bəyənirdi

Tramp: Anam Kral Çarlzı çox bəyənirdi

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamillanı qarşılayarkən ailəsinin kral ailəsinə münasibətindən danışıb.

Redaksiya xəbər verir ki, Tramp çıxışında anası Meri MakLeodun Şotlandiyanın Lyuis adasında doğulduğunu xatırladıb və onun Britaniya kral ailəsinə böyük maraq göstərdiyini bildirib.

Trampın sözlərinə görə, anası kraliça II Elizabetin iştirak etdiyi mərasimləri televiziyada diqqətlə izləyirdi. O deyib ki, anası kral ailəsini çox sevirdi və belə tədbirlərə baxanda ona “Donald, bax, necə gözəldir” deyirdi.

ABŞ prezidenti çıxışında Kral III Çarlz haqqında da zarafat edib. Tramp bildirib ki, anası vaxtilə gənc Çarlzı çox yaraşıqlı hesab edirdi və onun “Çarlza heyranlığı” var idi.

Bu sözlərdən sonra Tramp arxasında əyləşən Kral III Çarlza tərəf dönərək bunun anası ilə bağlı xatirə olduğunu izah edib. O, zarafatla “Anamın Çarlza simpatiyası var idi. Buna inanırsınız?” deyib.

Tramp çıxışında Kral III Çarlzı “zərif insan” adlandırıb və onun danışıq tərzini də tərifləyib. Prezident kralın “gözəl aksenti” olduğunu bildirib.

Ağ Evdə keçirilən mərasimdə vitse-prezident CD Vens, ikinci xanım Uşa Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Latnik və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Kral III Çarlzın səfər çərçivəsində ABŞ Konqresinin birgə iclasında çıxış etməsi də planlaşdırılıb. Tramp isə həmin çıxışda iştirak etməyəcəyini, lakin getmək istədiyini bildirib.