“Labaratoriya Kasperski”nin yaydığı məlumatlara görə, OpenAI platforması və onun məhsullarının adı kiberfırıldaqçılar tərəfindən geniş şəkildə istismar olunmağa başlayıb. Hücumlar əsasən elektron poçt vasitəsilə həyata keçirilir və istifadəçilərə guya “abunəliyin avtomatik uzadılması” ilə bağlı saxta bildirişlər göndərilir.
Redaksiya xəbər verir ki, Kaspersky Lab bu barədə TASS-a açıqlama verərək riskin xüsusilə xarici bank kartlarına malik Rusiya istifadəçilərini də əhatə etdiyini bildirib. Saxta məktublarda istifadəçilərə şübhəli xarici keçidlərə daxil olmaq və ya göstərilən xüsusi telefon nömrələrinə zəng etmək təklif olunur.
Məlumata görə, bu məktublar OpenAI məhsulları adından göndərilir və real bildirişləri xatırladan dizayn elementləri ilə müşayiət olunur. Məqsəd istifadəçiləri aldadaraq bank kartı məlumatlarını və ya ödəniş təsdiqlərini əldə etmək, nəticədə dollarla maliyyə vəsaitlərinin mənimsənilməsidir.
Kaspersky Lab vurğulayır ki, OpenAI platformasının özü təhlükəsiz olsa da, onun adından sui-istifadə edən fırıldaqçılar istifadəçilərin diqqətsizliyindən yararlanırlar. Şirkət istifadəçilərə bu tip məktublara etibar etməməyi, şübhəli keçidlərə daxil olmamağı və naməlum nömrələrə zəng etməməyi tövsiyə edir.
