4-5 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kamboca Krallığının Pnompen şəhərində səfərdədir. Sözügedən səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası və Kamboca Krallığı Hökumətinin birgə dəvəti əsasında reallaşıb.
Nümayəndə heyəti BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının müvafiq sahədə fəaliyyət göstərən Komitəsinin iclasında iştirak edib və 2025-2028-ci illər üzrə Komissiyanın “Qabaqcıl texnologiyalar və ağıllı dövlət xidmətləri” adlı işçi qrupuna rəhbər seçilib.
Açılış hissəsində Dövlət Agentliyinin sədri tərəfindən “ASAN xidmət” təcrübəsi barədə məlumat verilib. O, Dövlət Agentliyi ilə BMT və onun müxtəlif bölmələri arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söz açıb. Hazırda "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə ABŞ, Qazaxıstan, Koreya, Kamboca, Laos, Filippin, Qırğız Respublikası və digər ölkələrin müvafiq sahədə fəaliyyət göstərən qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətinin Kambocaya səfəri davam edir.
