Fransada məktəb və tələbə etirazlarının son böyük aksiya günündə 488 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 28-dən bəri etirazlarla əlaqədar saxlanılanların ümumi sayı 6547 nəfərə çatıb. Bu barədə Le Monde Fransa Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, son aksiyalar zamanı 43 hüquq-mühafizə əməkdaşı da yaralanıb. Etirazlar Parislə yanaşı Fransanın bir sıra digər şəhərlərində keçirilib və bəzi ərazilərdə nümayişçilərlə polis arasında qarşıdurmalar baş verib.
Aksiyalar sentyabrın ikinci yarısında lisey şagirdlərinin məktəblərdəki şəraitə etirazı ilə başlayıb. Nümayişçilər binaların pis vəziyyətdə olmasından, siniflərdə sıxlıqdan, müəllim çatışmazlığından və təhsil sistemindəki bərabərsizliklərdən narazılıq edirlər.
Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, etirazların ilk mərhələsində 5060 nəfər polis nəzarətinə götürülüb və onların 87 faizini yetkinlik yaşına çatmayanlar təşkil edib. 1800-dən çox şəxs barəsində cinayət təqibi başlanıb.
Oktyabrın 6-da keçirilən ümummilli aksiyalara Daxili İşlər Nazirliyinin hesablamasına görə 256 min, təşkilatçıların məlumatına görə isə təxminən 450 min nəfər qatılıb. Etiraz hərəkatı artıq ölkənin yüzlərlə məktəbini əhatə edir.
