Tesla Model S və Model X istehsalını dayandırdı

Tesla Model S və Model X istehsalını dayandırdı

Fərid Əlizadə · Media ·

Tesla şirkəti Model S və Model X avtomobillərinin istehsalını dayandırıb.

Redaksiya Business Insider-ə istinadla xəbər verir ki, son Model S və Model X avtomobilləri Kaliforniyadakı Fremont zavodunun istehsal xəttindən çıxıb. Model S üçün 14 illik, Model X üçün isə 11 illik istehsal dövrü başa çatıb.

Məlumata görə, son avtomobil qara rəngli Model S olub və istehsal komandası tərəfindən imzalanıb. Avtomobilin muzey və ya şirkətin daxili kolleksiyası üçün saxlanılacağı ehtimal edilir.

Tesla rəhbəri İlon Mask bu modellərin istehsalının dayandırılacağını yanvar ayında açıqlamışdı. O, Model S və Model X-in bazardan çıxarılmasını “şərəfli təqaüd” kimi qiymətləndirmişdi.

Hər iki model uzun illər Tesla brendinin flaqman avtomobilləri hesab olunurdu. Lakin son dövrlərdə Model 3 və Model Y-nin daha yüksək satış göstəriciləri fonunda Model S və Model X-in bazardakı payı azalmışdı.

Fremont zavodunda boşalan istehsal sahəsinin Tesla-nın Optimus humanoid robotlarının istehsalı üçün istifadə ediləcəyi bildirilir. Şirkətin məqsədi gələcəkdə bu xətt üzrə illik istehsal gücünü 1 milyon robota çatdırmaqdır.