Telegram messencerinə ChatGPT, Claude və digər süni intellekt (Sİ) modellərinin rəsmi şəkildə inteqrasiyasının planlaşdırıldığı bildirilir. Yeni imkan istifadəçilərə müxtəlif Sİ xidmətlərindən birbaşa Telegram daxilində yararlanmağa şərait yaradacaq.
Redaksiya məlumat verir ki, yayılan məlumatlara əsasən, istifadəçilər öz API açarlarını əlavə etməklə OpenAI, Google, Anthropic və digər şirkətlərin süni intellekt modellərini Telegram hesablarına qoşa biləcəklər.
Yeni funksiyanın əsas üstünlüklərindən biri müxtəlif Sİ modelləri arasında istənilən vaxt keçid etmək imkanının yaradılması olacaq. İstifadəçilər ehtiyaclarına uyğun olaraq fərqli modelləri seçə və onlardan müxtəlif tapşırıqlar üçün yararlana biləcəklər.
Məlumata görə, tapşırıqları ayrı-ayrı Sİ agentləri arasında bölüşdürmək də mümkün olacaq. Məsələn, bir agent proqramlaşdırma və kod yazılması, digəri isə mətnlərin hazırlanması və redaktəsi üçün istifadə edilə biləcək.
Bu imkanların tətbiqi ilə istifadəçilərin müxtəlif Sİ xidmətlərindən yararlanmaq üçün ayrıca proqramlar yükləməsinə və fərqli veb-saytlara daxil olmasına ehtiyac qalmayacaq.
Yeni funksiyaların Telegram-da nə vaxt istifadəyə veriləcəyi barədə isə məlumat açıqlanmayıb.
