Polşa ABŞ və Fransa ilə nüvə silahlarının birgə istifadəsi proqramlarında iştirak etmək niyyətindədir. Ölkə həmçinin öz ərazisində ABŞ-ın daimi hərbi bazasının yerləşdirilməsinə çalışır. Bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış WNP nəşrinə müsahibəsində bildirib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Polşa hökuməti ABŞ hərbçilərinin ölkə ərazisində daimi yerləşdirilməsi üçün yeni hərbi bazanın yaradılmasını istəyir. Layihənin təxmini dəyəri 15 milyard zlota çata bilər.
Polşa Müdafiə Nazirliyi bazanın yerləşdirilməsi üçün Vrotslav, Poznan, Bıdqoşç və Şetsin şəhərlərini mümkün məkanlar kimi müəyyənləşdirib. Plana əsasən, hərbi bazada təxminən 5 min ABŞ hərbçisinin yerləşdirilməsi nəzərdə tutulur.
Kosinyak-Kamışın sözlərinə görə, belə bir bazanın yaradılması təkcə Polşanın təhlükəsizliyini gücləndirməyəcək, həm də ölkənin NATO-nun şərq cinahındakı strateji əhəmiyyətini artıracaq.
Nazir bildirib ki, Polşa Silahlı Qüvvələri Baltikyanı ölkələrdən Rumıniyaya qədər uzanan ərazidə regional təhlükəsizliyin təmin edilməsində daha böyük məsuliyyət götürə bilər.
Müdafiə naziri Avropanın hərbi sənaye potensialının gücləndirilməsinin vacibliyini də vurğulayıb. Onun fikrincə, Avropa ölkələri qitədən kənardan silah tədarükündən asılılığı azaltmaq üçün öz müdafiə istehsalı imkanlarını bərpa etməlidirlər.
