OpenAI şirkətinin baş direktoru Sem Altman şirkətin gələcək infrastruktur strategiyasının robotlar və məlumat mərkəzlərinin avtomatlaşdırılmış şəkildə genişləndirilməsinə əsaslanacağını bildirib. Onun sözlərinə görə, əsas məqsəd yeni robotlar istehsal edə bilən robot sistemləri və yeni məlumat mərkəzlərinin qurulmasını təmin edən infrastruktur yaratmaqdır.
Redaksiya məlumat verir ki, Altman bu barədə Stenford Universitetində çıxışı zamanı danışıb. O, OpenAI-ın növbəti böyük infrastruktur yatırımlarının robotlaşdırılmış istehsal və məlumat mərkəzlərinin avtomatlaşdırılması istiqamətində olacağını açıqlayıb.
“Daha çox robot yarada bilən robotlar və faktiki olaraq daha çox məlumat mərkəzi qura bilən məlumat mərkəzləri”, – deyə Altman şirkətin gələcək hədəfini təsvir edib.
OpenAI rəhbəri bu yanaşmanın əhəmiyyətini süni intellektin (Sİ) özünü təkmilləşdirməsi prosesi ilə müqayisə edib. Onun fikrincə, istehsal və infrastruktur imkanlarının avtomatlaşdırılmış şəkildə genişləndirilməsi Sİ sistemlərinin özlərini ardıcıl olaraq təkmilləşdirməsi qədər mühüm inkişaf istiqamətidir.
Altman bu texnoloji yanaşmanı “demək olar ki, süni intellektin özünü təkmilləşdirməsi qədər böyük hadisə” kimi qiymətləndirib.
Açıqlama OpenAI-ın gələcəkdə yalnız Sİ modellərinin inkişafına deyil, həm də həmin modellərin fəaliyyətini təmin edən fiziki infrastrukturun avtomatlaşdırılmasına diqqət yetirmək niyyətini ortaya qoyur.
