ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla müharibənin Tehranın strateji mövqeyini gücləndirdiyini bəyan edib. O, İranın Hörmüz boğazından neft daşımalarına təsir imkanlarının artdığını bildirib. ABŞ Prezidenti Donald Tramp isə bu açıqlamalara cavab olaraq Obamanı sərt tənqid edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Obama ABŞ-da aralıq seçkilər ərəfəsində keçirilən tədbirdə Tramp administrasiyasının İran siyasətini tənqid edib. Keçmiş prezidentin fikrincə, müharibə nəticəsində Tehran qlobal enerji daşımalarına təsir göstərmək baxımından əvvəlkindən daha əlverişli mövqeyə sahib olub.
“İran artıq Hörmüz boğazından neft daşımalarına faktiki veto qoymaq imkanına malikdir. Bu isə o deməkdir ki, İran müharibədən əvvəlki dövrlə müqayisədə daha güclü strateji mövqedədir”, – deyə Obama bildirib.
Donald Tramp isə Truth Social platformasında paylaşım edərək keçmiş prezidenti sərt ifadələrlə hədəfə alıb.
“Obama son dərəcə bacarıqsız prezident idi! O, İrana milyardlarla dollar ödədi və onların nüvə silahı hazırlamasına yol açdı”, – deyə Tramp iddia edib.
ABŞ Prezidenti Obamanın Demokratlar Partiyasından olan namizədlərə seçki kampaniyalarında verdiyi dəstəyi də tənqid edib.
Tramp bildirib ki, Obama 2016-cı il prezident seçkilərində Hillari Klintonun qalib gələcəyinə əmin idi və onun üçün geniş kampaniya aparmışdı. Lakin Klinton seçkilərdə məğlub olmuşdu.
“Sonra Kamala Harrisin seçki kampaniyasına bütün gücü ilə dəstək verdi, amma o da məğlub oldu”, – deyə Tramp qeyd edib.
Amerika lideri Obamanın hazırda dəstəklədiyi demokrat namizəd Əbdül əl-Səidi də hədəfə alıb. Tramp onu “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqəli cihadçı adlandıraraq seçkilərdə məğlub olacağını iddia edib. Bu ittiham Trampın siyasi bəyanatıdır.
Obama isə Tramp administrasiyasının İranla müharibədə qələbə qazandığına dair açıqlamalarını şübhə altına alıb. Onun fikrincə, İranın Hörmüz boğazında gəmiçiliyə təhlükə yaratmaq imkanları ABŞ-ın müharibədən sonra gözlədiyi strateji üstünlüyü əldə etmədiyini göstərir.
İki siyasətçi arasındakı qarşılıqlı ittihamlar ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində siyasi mübarizənin kəskinləşdiyi bir dövrə təsadüf edir.
