ABŞ-da süni intellekt məlumat mərkəzlərinə qarşı etirazlar artır

ABŞ-da süni intellekt məlumat mərkəzlərinə qarşı etirazlar artır

Fərid Əlizadə · Media ·

ABŞ-da süni intellekt (Sİ) üçün nəzərdə tutulan məlumat mərkəzlərinin sürətlə genişlənməsi yerli əhalinin narazılığına və siyasi mübahisələrə səbəb olur. Sakinlər yeni obyektlərin elektrik enerjisinin qiymətlərini artırmasından, böyük həcmdə su istehlakından və ətraf mühitə mümkün mənfi təsirlərindən narahatdırlar. Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, süni intellekt məlumat mərkəzlərinin tikintisinə qarşı etirazlar artıq ABŞ-ın siyasi gündəminə də təsir göstərməyə başlayıb. Həm Demokratlar, həm də Respublikaçılar Partiyasından olan namizədlər yeni məlumat mərkəzlərinin inşasına məhdudiyyətlər tətbiq edilməsini tələb edirlər.

“The Guardian”ın məlumatına görə, ABŞ-da qubernator seçkilərində iştirak edən azı 20 namizəd yeni məlumat mərkəzlərinin tikintisinə müvəqqəti moratorium tətbiq olunmasını dəstəkləyir.

Yerli sakinlərin əsas narahatlıqları arasında elektrik enerjisi xərclərinin artması, su ehtiyatlarına əlavə yük düşməsi, ekoloji problemlər və iri texnoloji obyektlərin yaşayış məntəqələrinə təsiri yer alır.

Eyni zamanda, süni intellekt şirkətləri hesablama güclərini artırmaq məqsədilə yeni məlumat mərkəzlərinin tikintisini sürətləndirirlər. Lakin bu genişlənmə yerli icmaların müqaviməti ilə üzləşir.

Yaranmış vəziyyət texnologiya şirkətləri qarşısında yeni problem qoyur. Onlar süni intellektin iqtisadi və texnoloji üstünlüklərinin məlumat mərkəzlərinin yerli əhali üçün yaratdığı xərclərdən və mümkün mənfi təsirlərdən daha əhəmiyyətli olduğuna ictimaiyyəti inandırmalı olacaqlar.