İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazındakı vəziyyətə görə ABŞ-ı ittiham edib.
Redaksiya məlumat verir ki, Əraqçi Hörmüz boğazının hazırda ən çox ABŞ-ın təcavüzü və tətbiq etdiyi blokadadan əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, bölgədə gərginliyin əsas səbəbi Vaşinqtonun hərbi və siyasi təzyiqidir.
İranlı nazir qeyd edib ki, Hörmüz boğazı bütün kommersiya gəmiləri üçün açıqdır. Bununla belə, o vurğulayıb ki, gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq etməlidir.
Əraqçi ABŞ-ın blokada tətbiq edən tərəf olduğunu deyib. O, mövcud vəziyyətin “qanunsuz blokadanın” aradan qaldırılması ilə başa çatacağına ümid etdiyini bildirib.
Hörmüz boğazı dünya neft və maye qaz daşımalarının əsas marşrutlarından biridir. Buna görə bölgədə hər hansı hərbi və ya siyasi məhdudiyyət qlobal enerji bazarlarında ciddi risk kimi qiymətləndirilir.
