Bu gecə İsrail İrana qarşı genişmiqyaslı hücuma başlayıb. İlkin məlumatlara görə, zərbələr İranın nüvə obyektlərinə, xüsusilə Natanzdakı kritik təsislərə endirilib.
Redaksiya xəbər verir ki, hücumlar Natanzla yanaşı, Harambad və Kirmanşahdakı nüvə obyektlərini də hədəf alıb. Hadisələrdən sonra İsrail və İranın hava sahəsi uçuşlar üçün bağlanıb. KANN News-un məlumatına görə, İsrailli rəsmi şəxs bildirib ki, İrana hücumdan əvvəl Vaşinqtona məlumat verilib və əməliyyat ABŞ ilə tam koordinasiya şəraitində həyata keçirilib. Reuters isə İranın dini lideri Xameneinin sağ olduğunu və vəziyyətlə bağlı məlumatlandırıldığını qeyd edib.
İran Hərbi Sözçüsü İsrailin hücumlarına ABŞ-ın dəstək verdiyini bəyan edərək, "Onlar bunun ağır bədəlini ödəyəcəklər. İsrail İran Silahlı Qüvvələrindən sərt cavab gözləməlidir" deyib. Son məlumatlara görə, İsrail ordusu İranın mərkəzindəki Natanz nüvə obyektini yenidən vurmağa başlayıb.
Həmçinin, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Səlaminin öldürüldüyü bildirilir.
Sevinc Kərimova
