Harvard Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqat, ənənəvi Çin məşq sistemi olan Tai Çi-nin yüksək qan təzyiqi ilə mübarizədə aerobikadan daha səmərəli olduğunu üzə çıxarıb.
Redaksiya xəbər verir ki, araşdırmanın nəticələri 14 fevral 2024-cü il tarixində nüfuzlu “JAMA Network Open” tibbi jurnalında dərc olunub. Ümumilikdə 342 nəfər yetkin yaşlı iştirakçının qatıldığı tədqiqatda, onların orta yaşı 49 olub. İştirakçılar iki qrupa bölünüb: biri Tai Çi, digəri isə klassik aerobika ilə məşğul olub.
Nəticələrə görə, Tai Çi ilə məşğul olanların 22 faizi normal qan təzyiqi səviyyəsinə çatıb. Müqayisə üçün, aerobika qrupu üzrə bu göstərici cəmi 16 faiz təşkil edib. Bu da göstərir ki, Tai Çi-nin təsiri daha yüksək olub.
Tədqiqatçılar bildiriblər ki, Tai Çi-nin yüngül, davamlı və balanslı hərəkətlərə əsaslanması, həm fiziki, həm də psixoloji gərginliyi azaltdığı üçün hipertenziya ilə mübarizədə daha effektiv nəticə verir. Bu metod, xüsusilə orta yaşlı şəxslər üçün əlverişli alternativ hesab olunur.
Qeyd edək ki, Tai Çi nəfəs alqoritmi, bədən balansı və yavaş, ahəngdar hərəkətlərin birləşməsi ilə seçilir. Son illərdə isə stressin idarə olunması, oynaq xəstəlikləri, ürək sağlamlığı və qan təzyiqinin tənzimlənməsi sahəsində faydalı təsirləri ilə bağlı geniş maraq doğurur.
Fərid Əlizadə
