Şuşa Zəfəri Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənəsidir! - RƏY

Şuşa Zəfəri Azərbaycan dövlətçiliyinin qüdrətinin və milli iradəsinin təntənəsidir! - RƏY

Nizami Salmanov · Siyasət ·

2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Bu möhtəşəm hadisə yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, milli birliyinin və strateji hədəflərə sadiqliyinin təntənəsi idi. Şuşanın azadlığına aparan yol uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq formalaşmışdı.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın gələcək uğurlarının möhkəm təməlini yaratmışdı. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt yeni mərhələdə daha da inkişaf etdirilərək ölkənin iqtisadi və hərbi qüdrətinin yüksəldilməsinə xidmət etdi. Ordunun müasirləşdirilməsi, müdafiə potensialının gücləndirilməsi və hərbi qulluqçuların döyüş hazırlığının artırılması qarşıya qoyulan məqsədlərə çatmaq üçün mühüm zəmin yaratdı. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının öz tarixi torpaqlarının azadlığı uğrunda nümayiş etdirdiyi qətiyyətin parlaq nümunəsinə çevrildi.

Şuşa əməliyyatı isə bu müharibənin ən mürəkkəb və həlledici hərbi mərhələlərindən biri oldu. Azərbaycan əsgərlərinin çətin relyef şəraitində göstərdiyi misilsiz qəhrəmanlıq hərb tariximizə əbədi yazıldı. Şuşanın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həlledici nəticə əldə edildi. Bu qələbə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyimizin real gücünü nümayiş etdirdi. Dövlət başçısının Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciəti milli qürur və həmrəylik hisslərini daha da gücləndirdi. Dəmir yumruq ifadəsi xalqımızın birlik və sarsılmaz iradəsinin siyasi simvoluna çevrildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində bərpası baxımından mühüm mərhələ oldu. Bu hadisə dövlətimizin ərazi bütövlüyünün və konstitusiya quruluşunun təmin edilməsində qətiyyətli mövqeyini bir daha təsdiqlədi.

Şuşa Zəfəri Azərbaycan dövlətinin öz milli maraqlarını müdafiə etmək əzmində olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı quruculuq işləri qazanılmış qələbənin davamlı inkişaf mərhələsinə keçdiyini göstərir. Şəhərin bərpası, sakinlərin doğma yurdlarına qayıdışı və sosial infrastrukturun yaradılması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Beləliklə, Şuşanın azad edilməsi Azərbaycan tarixində həm hərbi qələbə, həm də güclü dövlətçilik modelinin təntənəsi kimi öz əbədi yerini qoruyacaqdır.

Filarə İsmayılova
Neftçala rayonu