Starbucks rəhbərinin şəxsi uçuşları ilə bağlı qaydalar yenilənib

Starbucks rəhbərinin şəxsi uçuşları ilə bağlı qaydalar yenilənib

Arzu Qafarova · İqtisadiyyat ·

Starbucks şirkəti baş icraçı direktoru Brayan Nikkolun şirkətə məxsus təyyarədən şəxsi məqsədlərlə istifadəsinə qoyulmuş 250 000 dollar (181 000 funt sterlinq) məhdudiyyətini ləğv edib. Qərarın səbəbi kimi rəhbərin təhlükəsizliyi ilə bağlı artan risklər göstərilir.

Redaksiya BBC News-a istinadla xəbər verir ki, şirkət bu addımı təhlükəsizliklə bağlı aparılan xüsusi yoxlamadan sonra atıb. Yoxlamada Brayan Nikkolun artan media diqqəti və “real təhlükə yarada bilən aktorlar” səbəbilə bütün hava səfərlərində şirkət təyyarəsindən istifadə etməsinin zəruri olduğu tövsiyə olunub.

Məlumata görə, Brayan Nikkol Kaliforniya ştatının Nyuport-Biç şəhərində yerləşən ailə evindən Starbucks-ın Sietldəki baş qərargahına təxminən 1 000 mil (1 600 km) məsafəni mütəmadi olaraq qət edir. O, bu marşrut üzrə işə gedib-gəlmək üçün şirkətin təyyarəsindən istifadə edir.

Qeyd edək ki, sentyabr ayınadək Brayan Nikkolun təyyarədən şəxsi istifadəsi illik limitlə məhdudlaşdırılmışdı və bu həddi aşdığı halda xərcləri şirkətə geri ödəməli idi. Yeni qərarla bu tələbin tamamilə aradan qaldırıldığı bildirilib.