Nintendo oyunları ilə bağlı etibarlı sızıntıları ilə tanınan insayder Nash Weedle Star Wars Jedi seriyasının hər iki hissəsinin Nintendo Switch 2 platformasına gələcəyini iddia edib. Onun sözlərinə görə, Star Wars Jedi: Fallen Order və Star Wars Jedi: Survivor üçün port versiyalar hazırda planlaşdırılır və yaxın gələcəkdə hibrid konsolda satışa çıxarıla bilər. Məlumata əsasən, təşəbbüs birbaşa Disney şirkətindən gəlib və bu qərar Switch 2-nin yüksək populyarlığı ilə əlaqələndirilir.
Redaksiya xəbər verir ki, Disney öz brendlərinə aid oyunların hamısını mümkün qədər Nintendo Switch 2 platformasında təqdim etmək niyyətindədir. Bu isə Electronic Arts tərəfindən hazırlanan Star Wars Jedi seriyasının üçüncü hissəsinin də gələcəkdə Switch 2 üçün buraxılma ehtimalını artırır. Nash Weedle-in etibarlı mənbə kimi tanınması onun iddialarını daha inandırıcı edir — o, əvvəllər Mario & Luigi seriyasının geri dönüşünü, Metroid Prime 4: Beyond oyununun detallərini və Nintendo Direct tədbirinin tarixini dəqiq proqnozlaşdırıb.
Qeyd olunur ki, Nintendo Switch 2-nin texniki imkanları müasir AAA oyunların buraxılışına şərait yaradır və bu, artıq Star Wars Outlaws, Cyberpunk 2077: Ultimae Edition, Hogwarts Legacy və digər layihələrlə sübut olunub. Konsolun satışları da yüksək templə davam edir: sentyabr ayına qədər dünya üzrə istifadəçi sayı 10 milyonu keçib, təkcə Yaponiyada isə son bir həftədə 220 mindən çox sistem satılıb. Analitiklər Switch 2-nin ilk ilində ümumi satışların 20 milyon həddini aşacağını proqnozlaşdırır, platforma üçün Red Dead Redemption 2, Starfield, Final Fantasy VII Remake 3 kimi iri layihələr də gözlənilir.
