Solovyov Almaniyanı “radioaktiv səhraya” çevirməklə hədələyib

Solovyov Almaniyanı “radioaktiv səhraya” çevirməklə hədələyib

Nizami Salmanov · Media ·

Rusiyanın dövlət televiziyasının aparıcısı Vladimir Solovyov Almaniya kansleri Fridrix Mertsi sərt şəkildə hədələyərək Almaniyanın mümkün nüvə zərbəsi nəticəsində “radioaktiv səhraya” çevrilə biləcəyini deyib. O, bu fikirləri Mertsin Rusiya ilə bağlı son açıqlamalarına cavab olaraq səsləndirib.

Redaksiya xəbər verir ki, Solovyov efirdə Mertsə müraciət edərək onun Rusiyadan nəsə tələb etmək haqqını sual altına alıb. Aparıcı daha sonra “almanların hər əsrdə rusların Berlinə yürüşünü görməkdən xoşlandıqlarını” deyərək bu dəfə belə bir yürüşün olmayacağını, çünki “radioaktiv tozun çəkmələr üçün zərərli” olduğunu bildirib.

Solovyov çıxışında Almaniyanın “Karfagenin taleyini yaşayacağını” da söyləyib və ölkənin radioaktiv səhraya çevriləcəyi ilə hədələyib. Onun bu bəyanatları Rusiya dövlət televiziyasında səslənən şəxsi ritorika kimi qiymətləndirilir və Kremlin rəsmi nüvə siyasətində dəyişiklik elan edilməsi anlamına gəlmir.

Rusiyalı aparıcı bundan əvvəl də Almaniya, Böyük Britaniya, Polşa və digər NATO ölkələrinə qarşı nüvə silahından istifadə ehtimalını gündəmə gətirən sərt ifadələr işlədib. Son aylarda o, Almaniyanın birləşməsinin legitimliyini də şübhə altına alaraq ölkənin siyasi statusu ilə bağlı radikal fikirlər səsləndirib.

Solovyovun son bəyanatı Rusiya ilə Almaniya arasında Ukrayna müharibəsi, sanksiyalar və Berlinin Kiyevə hərbi dəstəyi fonunda gərginliyin yüksək olaraq qaldığı bir vaxta təsadüf edir.