Paramount və Warner Bros. artıq vahid şirkətdə birləşib

Paramount və Warner Bros. artıq vahid şirkətdə birləşib

Fərid Əlizadə · Media ·

Paramount Skydance Warner Bros. Discovery-nin alınmasını rəsmən tamamlayıb. Sövdələşmənin borclar daxil olmaqla ümumi dəyəri təxminən 111 milyard dollar qiymətləndirilir. Birləşmiş şirkət bundan sonra Skydance adı altında fəaliyyət göstərəcək. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, yeni şirkət Paramount Pictures, Warner Bros., HBO, CBS, CNN, Paramount+, HBO Max və digər böyük media aktivlərini vahid strukturda birləşdirir. Şirkətin rəhbəri Devid Ellison olacaq, keçmiş Mattel rəhbəri Ynon Kreyts isə həmsədr və həmsədr-icraçı direktor kimi fəaliyyət göstərəcək.

Birləşmə nəticəsində "Harri Potter", DC kainatı, "Üzüklərin hökmdarı", "Dune", "Mission: Impossible" və digər iri kino və televiziya franşizaları eyni korporativ çətir altında cəmləşib. Şirkət yaxın illərdə ildə azı 30 tammetrajlı film və 180-dən çox televiziya layihəsi istehsal etməyi planlaşdırır.

Yeni Skydance səhmlərinin Nyu-York Fond Birjasında SKYD tikeri ilə ticarətinə oktyabrın 6-dan başlanıb. Paramount Skydance səhmlərinin Nasdaq-dakı ticarəti isə bundan əvvəl dayandırılıb.

Sövdələşmənin əsas maliyyə çətinliklərindən biri yüksək borc yüküdür. Birləşmiş şirkətin on milyardlarla dollar borcu olduğu bildirilir və rəhbərlik təxminən 6 milyard dollar həcmində xərc azaldılması planlaşdırır.

Bununla belə, sövdələşmə Skydance-i Hollivudun ən iri media və əyləncə şirkətlərindən birinə çevirib. Yeni qurum həm kinoteatr bazarında, həm televiziya yayımında, həm də striminq sektorunda Disney, Netflix və digər böyük platformalarla rəqabət aparacaq.