Dünyanın ən məşhur YouTube bloqerlərindən biri olan MrBeast, əsl adı ilə Cimmi Donaldson, oktyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə pərəstişkarları ilə görüşəcək. Bu, onun Mərkəzi Asiyaya ilk səfəri olacaq. Tədbiri Özbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondu təşkil edir.
Redaksiya xəbər verir ki, tədbirdə iştirak pulsuz olacaq, lakin yerlər məhduddur. Görüşə yalnız əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər arasından təsadüfi seçim yolu ilə müəyyən ediləcək 200 nəfər buraxılacaq.
İştirakçılar ən azı 18 yaşında olmalı, etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi, elektron poçt ünvanı və Özbəkistan telefon nömrəsi təqdim etməlidirlər. Qeydiyyat oktyabrın 8-i saat 12:00-dək davam edəcək.
Seçilən şəxslərə tədbirin detalları və fərdi QR-kod elektron poçt vasitəsilə göndəriləcək. Dəvətnamənin başqa şəxsə verilməsi və ya satılması mümkün olmayacaq.
Görüş proqramında MrBeast ilə ünsiyyət, müxtəlif oyunlar, viktorinalar və hədiyyələr nəzərdə tutulur. Təşkilatçılar qeydiyyat üçün yalnız rəsmi platformalardan istifadə etməyi və üçüncü tərəflərin ödəniş tələb edən təkliflərinə etibar etməməyi tövsiyə ediblər.
