Sinqapurun BMT-dəki səfiri Kevin Çiok iyulun 29-da Nyu-Yorkda keçirilən yüksək səviyyəli konfransda bəyan edib ki, Sinqapur prinsip etibarilə Fələstin dövlətini tanımağa hazırdır. Onun sözlərinə görə, belə bir addım bölgədə sülhə və iki dövlətli həllə töhfə verməlidir.
Redaksiya xəbər verir ki, Çiok əlavə edib ki, Sinqapur Qəzzadan olan xəstələrin müalicəsinə kömək məqsədilə bölgəyə tibbi briqada göndərilməsini də nəzərdən keçirir. Uzunmüddətli mərhələdə isə Sinqapur daimi atəşkəs əldə olunduqdan sonra Qəzzanın bərpasına dəstək verməyə hazırdır.
Sinqapur rəsmisi bildirib: “Sinqapur uzun müddətdir ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan iki dövlətli həlli və fələstinlilərin öz vətənlərinə sahib olmaq hüququnu dəstəkləyir. Biz inanırıq ki, bu, uzunmüddətli, ədalətli və davamlı sülh üçün yeganə yoludur.”
Çiok əlavə edib ki, Sinqapur həmçinin Misirin təklif etdiyi Qəzzanın Bərpası Planını və bölgənin yenidən qurulması ilə bağlı vizyonunu dəstəkləyir. Həmin sənəddə süni intellektlə hazırlanmış xəritələr, yaşayış sahələri, parklar və ictimai mərkəzlərə dair görüntülər yer alır.
İsrail və Fələstin arasında iki dövlətli həllin həyata keçirilməsi üzrə üçgünlük BMT konfransı Fransa və Səudiyyə Ərəbistanının birgə sədrliyi ilə təşkil olunub və iyulun 30-da başa çatıb. Təxminən 125 ölkənin nümayəndələri yekun bəyannamə üzərində işləyiblər.
Sevinc Kərimova
