Çin Pinpin və Fuşuan adlı iki nəhəng pandanı ABŞ-a göndərir. Pandalar Atlanta zooparkında yerləşdiriləcək və Çinlə ABŞ arasında nəhəng pandaların qorunması üzrə yeni əməkdaşlıq proqramında iştirak edəcəklər. Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, erkək Pinpin 17 mart 2020-ci ildə, dişi Fuşuan isə 18 oktyabr 2020-ci ildə Çinin Çendu Nəhəng Pandaların Yetişdirilməsi Mərkəzində doğulub. Onların yaxın günlərdə Atlantaya çatması gözlənilir.
Çin Prezidenti Si Tsinpin ABŞ-a səfəri zamanı nəhəng pandaları Çin və Amerika xalqları arasında dostluğun elçiləri adlandırıb. O, Pinpin və Fuşuanın yeni evləri olan Atlanta zooparkına köçəcəyini və amerikalılarla görüşəcəyini bildirib.
Atlanta zooparkı ilə Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası arasında 2026-cı ilin aprelində nəhəng pandaların qorunması üzrə yeni beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub. Proqram elmi tədqiqat, pandaların qorunması və iki ölkə arasında bu sahədə uzunmüddətli əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.
