ABŞ fond bazarında süni intellekt, yəni Sİ şirkətləri S&P 500 indeksinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Redaksiya The Kobeissi Letter və Investing.com-a istinadla xəbər verir ki, S&P 500 indeksi son iki ildə 42 faiz artıb. Lakin Sİ ilə bağlı şirkətlər indeksdən çıxarıldıqda artım cəmi 16 faiz təşkil edir. Bu isə bazardakı yüksəlişin geniş yayılmış deyil, əsasən texnologiya və Sİ sektorunda cəmləndiyini göstərir.
Məlumata görə, S&P 500 indeksi ilin əvvəlindən 15 dəfə tarixi maksimumunu yeniləyib. İndeks son 6 həftə ardıcıl yüksəlib ki, bu da 2024-cü ilin oktyabrından bəri ən uzun qalibiyyət seriyası hesab olunur.
Son yüksəliş dövründə S&P 500 təxminən 16 faiz artdığı halda, bərabər çəkili S&P 500 indeksi cəmi 8 faiz yüksəlib. Bu fərq iri texnologiya şirkətlərinin indeks üzərində təsirinin həddindən artıq artdığını göstərir.
Hesablamalara görə, son rallidə S&P 500-ün qazancının 69 faizi cəmi 10 şirkətin payına düşüb. Qalan 490 şirkət isə ümumi artımın yalnız 31 faizini formalaşdırıb.
Alphabet, Nvidia və Amazon təkbaşına indeksin yüksəlişində müvafiq olaraq 15 faiz, 10 faiz və 8 faiz paya malik olub. Analitiklər hesab edir ki, Sİ yarışının sürətlənməsi bazarda həm rekord gəlir imkanları, həm də yüksək konsentrasiya riski yaradır.
