ABŞ Prezidenti Donald Tramp Çinin İranla mümkün razılaşma prosesinə kömək təklif etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Tramp Çin lideri Si Cinpinlə yaxşı münasibətlərə malik olduğunu deyib və Pekində keçirilən görüşdə bir çox məsələnin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, danışıqlar ümumilikdə yaxşı keçib.
Tramp qeyd edib ki, Si Cinpinlə söhbətində Çinin İrana dəstəyi məsələsini də qaldırıb. ABŞ prezidentinin iddiasına görə, Çin lideri Pekinin İrana hərbi avadanlıq verməyəcəyini bildirib.
Tramp əlavə edib ki, Çin Hörmüz boğazının açıq qalmasını istəyir və İranın gəmilərə əlavə xərc tətbiq etmək cəhdlərindən narazıdır. Onun sözlərinə görə, Si Cinpin İranla razılaşma əldə olunmasını istəyir və bu istiqamətdə kömək təklif edib.
ABŞ prezidenti həmçinin Çinin Amerika nefti almaqda maraqlı olduğunu bildirib. O iddia edib ki, Çin neft ehtiyaclarının mühüm hissəsini Yaxın Şərqin müəyyən nöqtəsindən təmin edir.
Tramp müsahibədə İranın hərbi imkanlarını zəiflətdiyini və Tehrana qarşı tam blokada tətbiq etdiyini də təkrar iddia edib. ABŞ daxilində bəzi siyasi və ekspert dairələri bu bəyanatlara skeptik yanaşır.
Yanacaq qiymətləri ilə bağlı tənqidlərə cavab verən Tramp bildirib ki, müharibə fonunda neft qiymətləri gözlənildiyi qədər deyil, yalnız az miqdarda artıb.
ABŞ lideri İranla razılaşma məsələsində əvvəlki açıqlamalarından daha sərt ton seçib. O bildirib ki, çox səbr etməyəcək və iranlılar razılaşmanı imzalamalıdır.
