Çin Xalq Respublikasının Sədri Si Cinpin avqustun 31-də Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bəyan edib ki, Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulmasını dəstəkləyir.
Redaksiya Xinhua agentliyinə istinadla xəbər verir ki, dövlət başçılarının ŞƏT Zirvəsi ərəfəsində baş tutan görüşündə həmçinin Çin xalqının Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsində və dünya antifaşist müharibəsində qələbəsinin 80 illiyi münasibətilə keçirilən tədbirlər müzakirə olunub.
Hazırda ŞƏT-in dialoq tərəfdaşı olan Azərbaycanın təşkilata qoşulma perspektivləri barədə fikir mübadiləsi aparılıb. Si Cinpin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb, kənd təsərrüfatı, infrastruktur və enerji kimi ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsini, rəqəmsal iqtisadiyyat, süni intellekt və yaşıl inkişaf kimi yeni istiqamətlərdə tərəfdaşlığın gücləndirilməsini təklif edib.
Prezident İlham Əliyev isə bildirib ki, Azərbaycan Çinlə iqtisadiyyat, elm və texnologiya, nəqliyyat əlaqələri və turizm sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. O, Azərbaycanın ŞƏT çərçivəsində Çinlə daha sıx işləmək niyyətini ifadə edərək, regional və qlobal sülhün təşviqinə birgə töhfə verməyin vacibliyini vurğulayıb.
Görüşdə süni intellekt, elm və texnologiya, maliyyə və media sahələrində ikitərəfli əməkdaşlıq üzrə bir sıra sazişlər imzalanıb. Tədbirdə Çin rəhbərliyindən Say Çi və Van İ kimi yüksək vəzifəli rəsmilər iştirak ediblər. Xəbəri həmçinin Çin Müdafiə Nazirliyi də yayıb.
Sevinc Kərimova
