Dünya Bankı rəsmi olaraq açıqlayıb ki, Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15,5 milyon ABŞ dolları məbləğindəki borcunu ödəyib. Bu ödəniş nəticəsində Suriya Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) çərçivəsində yenidən kredit və qrant almaq hüququ qazanıb.
Qərar Suriyanın uzun illər davam edən müharibədən sonra beynəlxalq maliyyə sisteminə qayıdışı üçün mühüm addım hesab olunur. Dünya Bankı tərəfindən verilən məlumata görə, Suriyada ilk dəstək layihəsi enerji sektorunda həyata keçiriləcək və ölkədə elektrik enerjisinə çıxışın yaxşılaşdırılmasına yönələcək.
Bununla yanaşı, Qətər artıq İordaniya vasitəsilə Suriyaya təbii qaz tədarükünə başlayıb. Bu təşəbbüs ölkədəki elektrik böhranını yüngülləşdirməyə xidmət edir.
Məlumata görə, Beynəlxalq Valyuta Fondu (IMF) da Suriyanın maliyyə sisteminin bərpası üçün texniki dəstək və missiya rəhbərliyi səviyyəsində əməkdaşlığa başlayıb. Bu, son 14 ildə Suriyaya ilk rəsmi texniki missiyanın göndərilməsi olacaq.
Müşahidəçilər bu addımları Suriyanın regional və qlobal diplomatik və iqtisadi reinteqrasiyası yolunda ciddi irəliləyiş kimi qiymətləndirirlər.
Sevinc Kərimova
