ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün elan etdiyi “Project Freedom” əməliyyatı qısa müddət sonra dayandırılıb. Məlumata görə, qərarın əsas səbəblərindən biri Səudiyyə Ərəbistanının ABŞ-a əməliyyat üçün baza və hava məkanından istifadə icazəsi verməməsi olub.
Redaksiya NBC News və Reuters-ə istinadla xəbər verir ki, Riyad ABŞ hərbi təyyarələrinin Ər-Riyad yaxınlığındakı Prince Sultan aviabazasından qalxmasına və Səudiyyə hava məkanından istifadə etməsinə razılıq verməyib. Bu, ABŞ-ın Hörmüzdəki müşayiət əməliyyatı üçün vacib logistika və hava dəstəyi imkanlarını məhdudlaşdırıb.
NBC News-un məlumatına görə, Tramp “Project Freedom” əməliyyatını Truth Social üzərindən elan etdikdən sonra bəzi Körfəz müttəfiqləri bu addımdan narahat olub. Səudiyyə tərəfi əməliyyatın əvvəlcədən kifayət qədər koordinasiya edilmədiyini bildirib.
Trampın Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla telefon danışığının da problemi həll etmədiyi bildirilir. Bundan sonra Vaşinqton əməliyyatın qısa müddətlik dayandırılacağını açıqlayıb.
Reuters yazır ki, Tramp “Project Freedom”un İranla mümkün razılaşmanın yekunlaşdırılıb imzalanması üçün müvəqqəti fasiləyə çıxarıldığını bildirib. ABŞ lideri eyni zamanda blokadanın qüvvədə qalacağını vurğulayıb.
Hörmüz boğazı dünya enerji daşımalarının əsas keçidlərindən biri olaraq qalır. Səudiyyə Ərəbistanının əməliyyata açıq dəstək verməməsi göstərir ki, Körfəz ölkələri ABŞ-İran qarşıdurmasında birbaşa hərbi eskalasiyanın iştirakçısına çevrilmək istəmir.
