Corc Vaşinqtonun 200 illik saç teli 4 min dollara satılıb

Corc Vaşinqtonun 200 illik saç teli 4 min dollara satılıb

Aytac Dəniz · Media ·

ABŞ-ın ilk prezidenti Corc Vaşinqtona məxsus olduğu bildirilən və 200 ildən artıq çərçivədə saxlanılan bir tutam saç hərracda 4 min dollara satılıb. Tarixi yadigarın yeni sahibinin kimliyi açıqlanmayıb. Bu barədə BBC məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, saç tutamı vaxtilə Con Qedsbi adlı şəxsə məxsus olub. Corc Vaşinqton 1799-cu ildə vəfat etməzdən bir müddət əvvəl onun qonağı olub.

Ailədə nəsildən-nəslə ötürülən rəvayətə görə, Vaşinqton həmin saç tutamını dostluq əlaməti olaraq Qedsbiyə hədiyyə edib. Daha sonra tarixi yadigar kolleksiyaçının əlinə keçib və uzun illər qorunub saxlanılıb.

Bununla belə, Vaşinqtona məxsus saç nümunələrinin hərraclarda daha yüksək qiymətə satıldığı hallar da olub. Belə ki, 2021-ci ildə ABŞ-ın ilk prezidentinin üç tutam saçının saxlanıldığı medalyon təxminən 40 min dollara satılıb.

Qeyd edək ki, XVIII–XIX əsrlərdə ABŞ-da imkanlı ailələrin üzvləri yaxınlarının saçlarını xatirə olaraq saxlamağa xüsusi əhəmiyyət verirdilər. Bu cür yadigarlar bəzən çərçivələrdə, bəzən isə xüsusi medalyonlarda qorunurdu.

Tarixi məlumatlara görə, Corc Vaşinqton özü də bəzi tanışlarına xüsusi ehtiram və yaxınlıq əlaməti olaraq saçından tutamlar hədiyyə edirdi. Lakin hərracda satılan nümunənin Qedsbiyə məhz hansı şəraitdə təqdim olunması ailə rəvayətinə əsaslanır.