SEPAH-ın gizli neft şəbəkəsi ifşa edildi

SEPAH-ın gizli neft şəbəkəsi ifşa edildi

Fərid Əlizadə · Media ·

SEPAH-ın beynəlxalq sanksiyalardan yayınmaq üçün gizli neft ticarəti şəbəkəsindən istifadə etdiyi iddia olunur.

Redaksiya WikiIran-a istinadla xəbər verir ki, sızdırılmış sənədlərdə İran neftinin mənşəyini gizlətmək üçün İran, Çin, Honkonq və BƏƏ-də qeydiyyatdan keçmiş ön şirkətlərdən istifadə olunduğu bildirilir.

Məlumata görə, şəbəkənin məqsədi İran neftini başqa ölkə mənşəli kimi göstərmək, ödənişləri dolayı şirkətlər üzərindən aparmaq və beynəlxalq bank nəzarətindən yayınmaq olub.

Sənədlərdə Nosazan Kaveh SEPAH-ın İran daxilindəki ticarət qolu, Golden Globe Demir Calik Petrol Company isə xarici əməliyyatları idarə edən struktur kimi təqdim olunur.

Jiandi HK Limited, Hong Kong Blue Ocean, Verda Marine Limited və Mestalla Trading kimi şirkətlərin neft daşımaları, gəmi icarəsi, ödənişlər və alıcılarla əlaqələrin gizlədilməsi üçün istifadə edildiyi iddia olunur.

Araşdırmada CS Aura gəmisinin daşınması üçün 400 min dollarlıq ödəniş, MT Hasna tankerinin icarəsi ilə bağlı 500 min dollarlıq əməliyyat və Çin bankları üzərindən aparılan pul köçürmələri ayrıca nümunə kimi göstərilir.

İddialara görə, bu mexanizm SEPAH-a neft satışından gəlir əldə etməyə və həmin vəsaitləri hərbi proqramlara yönəltməyə imkan verib.

Sənədlərdə adı çəkilən bəzi şirkətlərin daha əvvəl ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya siyahısına salındığı bildirilir.